Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir.
== Uşaqlığı (1452–1466) ==
Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi".
Müasir baxımdan Leonardonun soyadı olmamışdır, belə ki, "da Vinçi" sadəcə "Vinçidən olan" mənasına gəlir.